Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
Yeniavaz.com xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir.
1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda 886 nəfərin İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxduğu aşakarlanıb. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan İİV-li xəstələrin sayı isə 10 min 692-yə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ildə 749 nəfərin İİV-ə yoluxduğu aşakarlanıb və müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan İİV-li xəstələrin sayı isə 9 min 806 nəfər olub.
Azərbaycanda İİV-və yoluxanların 26,6% və ya 2 844 nəfəri xəstəliyin son mərhələsi hesab olunan QİÇS daşıyıcısı olub.
Son bir ildə qeydiyyata alınan QİÇS-li xəstələrin sayı 169 nəfər artıb.
Qeyd edək ki, son 4 ildə QİÇS-li xəstələrin sayında artım müşahidə olunur. Belə ki, 2020-ci ildə 104, 2021-ci ildə 105, 2022-ci ildə isə 89 QİÇS-li xəstə qeydə alınıb.
Onu da bildirək ki, 2022-ci ildə QİÇS daşıyıcıları arasında yaşı 18-dən aşağı olan 1 nəfər olsa da, ötən il 18 yaşdan aşağı şəxslər arasında QİÇS daşıyıcısı olmayıb.
Məlumat üçün bildirək ki, QİÇS insanın immunçatışmazlığı virusuna (İİV) yoluxması nəticəsində meydana çıxır və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. Bu virusa yoluxan insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar və bu xəstəliklər ölümlə nəticələnir.
İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV-ə yoluxan şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülüb.