Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyada baş verən son hadisələr müzakirə olunub.
Hakan Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib. O bildirib ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır. O, həmçinin qeyd edib ki, Türkiyə heç vaxt özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə icazə verməyəcək.
Bildirilir ki, söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı məsələləri də müzakirə olunub.