Dövlət İmtahan Mərkəzi (DİM) 1 dekabr 2024-cü il tarixində beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün elektron imtahanlar korpusunda test imtahanı keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
İmtahan 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda iştirakçılara peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 15 və daha çox bal toplamış sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 94 namizəddən 13-ü imtahan gəlməyib. İmtahan nəticələrinə əsasən, 45 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb.