Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi 19,21% olub.
Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda (11,68%) müşahidə olunub.
Verilən kreditlərin 76,8%-i (20,8 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri regionlarla müqayisədə aşağı (13,04%) olub.
Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad) qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 15,01% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb - 5,09%.
Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi Dağlıq Şirvan iqtisadi rayoninda qeydə alınıb ki, bu iqtisadi rayonda faiz dərəcəsi 19,24% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda qeydə alınıb. Bakıda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 13,36% təşkil edib.
Elnur Əli