Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze tutduğu vəzifədən istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
“Mən Gürcüstanın Litvadakı səfiri vəzifəsindən istefa verirəm. On ildən artıqdır ki, ölkəm Gürcüstanın milli maraqlarına xidmət etmək və onun Avropa İttifaqı, həmçinin Avro-Atlantikaya inteqrasiyası ilə yanaşı suverenliyini və ərazi bütövlüyünü təvazökarlıqla təbliğ etmək mənim şərəf və imtiyazımdır! Gürcüstan Avropadır!” – Şapakidze bildirib.
Bununla da o, istefa verən sonuncu gürcü diplomat olub.
Bundan əvvəl xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, eləcə də Gürcüstanın ABŞ, Bolqarıstan və Niderlanddakı səfirlərinin istefası barədə də məlumatlar yayılıb.
Qeyd edək ki, artıq iki gündür Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyaları təhlükəsizlik qüvvələri zorakılıqla dağıtmağa cəhd edib. Bu da etirazçılarla su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.
Ölkədə baş tutan genişmiqyaslı etiraz aksiyalarının səbəbi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də verdiyi açıqlama olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək qərarına gəlib.