İstanbul Respublika Prokurorluğu Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel haqqında araşdırmaya başlayıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, araşdırma Özgür Özelin İstanbul prokuroru Akın Gürlekə söylədiyi fikirlərə görə başladılıb.
Prokurorluğun araşdırmaya başlamasına səbəb kimi “dövlət qulluqçusunu açıq şəkildə təhqir etmək” və “terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəf göstərmək” göstərilir.
Belə ki, Özel antiterror istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Esenyurt bələdiyyə sədri Ahmet Özeri həbsxanada ziyarət edib. Daha sonra o, həbsxana qarşısında keçirilən mətbuat konfransında açıqlama verərək, Akın Gürleki tənqid edib.
“Akın Gürlek, gün gələcək ki, mən yenə burada dayanacağam. Sən də kim bilir hansı sosial şəbəkədən bizə hücum edəcəksən. Sənə xəbərdarlıq edirəm, ölkənin taleyi ilə oynama, kiminsə aləti olma”, - CHP sədri bildirib.
Nəticədə, İstanbul Cümhuriyyət Prokurorluğu Özgür Özelə qarşı Akın Gürleki təhqir etmək ittihamı ilə istintaqa başlayıb.
Prokurorluğun məlumatına görə, lazımi araşdırmalardan sonra iş Ankara Prokurorluğuna göndəriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.