Gürcüstanda parlament binası qarşısında etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.
Yeniavaz.com Gürcüstanın Birinci Kanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 43 nəfərin hamısı polisin qanuni tələblərinə tabe olmadıqlarına və xırda xuliqanlığa görə saxlanılıblar.
“Aksiya zamanı etirazçılardan bəziləri dəfələrlə təxribat xarakterli hərəkətlər ediblər. Daxili İşlər Nazirliyi dəfələrlə təşkilatçıları və zorakı qrupları qanun çərçivəsində aksiya keçirməyə çağırsa da, onlar polisin göstərişinə tabe olmayıblar. Bu halların qarşısını almaq üçün ötən gecə Daxili İşlər Nazirliyi tərəfindən qanunla icazə verilən xüsusi vasitələrdən dəfələrlə istifadə olunub. Xüsusi vasitələrdən istifadə etməzdən əvvəl hadisə yerinə toplaşanlara əvvəlcədən xəbərdarlıq edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna kimi Aİ ilə danışıqlara başlamaq məsələsini gündəmdən çıxaracağını bəyan etməsindən sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb. Parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edib.