Ədliyyə Nazirliyi Azad Demokratlar və Azadlıq partiyaları haqqında məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, iddia Bakı Apellyasiya Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatına veriləcək.
Bildirilir ki, iddia siyasi partiyaların ləğv edilməsi ilə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, Azad Demokratlar Partiyası 15 aprel 2000-ci ildə, Azadlıq Partiyası isə 12 avqust 2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Azad Demokratlar Partiyasının sədri 1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin müavini işləmiş Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri isə Əhməd Oruc olub.
Qeyd edək ki, 2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun siyasi partiyalara dövlət qeydiyyatı üçün ən azı 5000 üzv tələbi qoyur. Azad Demokratlar və Azadlıq Partiyası 5 000 üzv ilə bağlı tələbi yerinə yetirmədiyi üçün bu partiyaların fəaliyyəti məhkəmə qərarı ilə dayandırılmalıdır.
Murad Məmmədov