Gürcüstan parlamentinin üzvləri baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və onun növbəti dörd il üçün proqramına etimad ifadə etmək üçün səs veriblər.
Yeniavaz.com xəbər verir ki, iclas parlamentin rəsmi saytında canlı yayımlanıb.
Səsvermənin nəticələrinə görə, 84 deputat hökumətə etimad göstərməyə səs verib. Səsvermədə əleyhinə səs verən olmayıb.
İclasda yalnız hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib. Belə ki, Kobaxidze nazir vəzifələrinə üç yeni namizəd təqdim edib. Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini İlya Darçiaşvilini əvəz edən Maka Boçorişvili tutub. Əvvəlki parlamentdə o, parlamentin Avropaya inteqrasiya komitəsinə rəhbərlik edib. Ədliyyə Nazirliyinə parlamentin hüquq komitəsinə rəhbərlik edən Anri Oxanaşvili, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə isə əvvəllər iqtisadi komitənin rəhbəri olmuş David Sonqulaşvili təyin edilib. Xatırladaq ki, müxalifət parlament seçkilərinin nəticələrini tanımır və iclaslarda iştirak etmir.