Türkiyəyə xaricdən gətirilən saxta dollarların ümumi həcmi 1 milyard dolları keçə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Ekspertlərin fikrincə, saxta dollarların əsas hissəsi Türkiyəyə Suriya, İran və Balkan ölkələrindən gətirilib.
İlkin olaraq bazara çıxarılan saxta dollarların 600 milyon dollara çata biləcəyi təxmin edilsə də, mənbələr bu məbləğin 1 milyard dolları keçə biləcəyini bildirirlər. Həmçinin, bu əskinasların böyük bir hissəsinin nominal dəyərinin 50 dollar olduğu və buna görə də, valyutadəyişmə məntəqələri və bankların bu əskinaslarla, eləcə də köhnə 100 dollarlıq əskinaslarla əməliyyatlarını müvəqqəti dayandırdığı qeyd edilir.
Məlumata görə, saxta valyuta ilə ilk əməliyyat Suriya ilə həmsərhəd Qaziantep şəhərində həyata keçirilib. Bundan başqa, Antalya, İzmir və İstanbulda da saxta dollarlar aşkarlanıb.
“Habertürk” telekanalı öz növbəsində bu həftə türk banklarının əməkdaşlarına dollar fırıldaqçılığı halları ilə bağlı yazılı xəbərdarlıq edildiyini bildirib.
“Bank filiallarında 100 dollarlıq əskinaslarla əməliyyatlar apararkən daha diqqətli olmaq və ehtiyat tədbirlərinə əməl etmək lazımdır”, - telekanal banklara göndərilən məktubdan sitat gətirib.
Türkiyə Səlahiyyətli Qurumlar və Mübadilə Büroları Birliyinin idarə heyətinin üzvü Mustafa Ünver bildirib ki, yaxın vaxtlarda ölkənin valyutadəyişmə məntəqələrində əskinas sayğaclarının dəyişdirilməsi planlaşdırılır.
Bank sektorunun nümayəndələri isə bunun ən azı bir ay çəkə biləcəyini istisna etmirlər. Həmçinin, onlar diqqəti ona yönəldirlər ki, saxta əskinaslar çox keyfiyyətlidir və sadə vətəndaşlar üçün onları orijinaldan ayırmaq demək olar ki, mümkün deyil.