ABŞ-nin Cənubi Karolina ştatındakı Makkoll şəhəri polis rəisi də daxil olmaqla bütün department əməkdaşlarının istefasından sonra polissiz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WMBF News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhər meri Corc Qardner də şəhərdə artıq polis məmurlarının olmadığını təsdiqləyib.
“Biz yeni polis rəisini və yeni polis əməkdaşlarını işə götürmək üçün fəal şəkildə işləyirik”, - mer bildirib.
O deyib ki, polis rəisi Bob Heyl istefa verən ilk şəxs olub, sonra digər zabitlər də onun ardınca gedib.
Heyl “Facebook” sosial şəbəkə səhifəsində istefasının davam edən təqiblər və şəxsi hücumlar, həmçinin şəhər şurasının adını açıqlamadığı bir üzvü tərəfindən yaradılan “düşmən iş mühiti” ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, bu ilin oktyabr ayında ABŞ-nin Oklahoma ştatının Qiri şəhərində də Makkoll şəhərindəki vəziyyətə bənzər bir vəziyyət baş verib. Belə ki, Qiri Polis Departamentinin bütün üzvləri, o cümlədən polis rəisi, siyasi liderlərin polis departamentinin ehtiyaclarını ödəyə bilməməsini əsas gətirərək istefa verib.