Böyük Britaniyada dünyanın ən yaşlı kişisi kimi tanınan Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” qəzeti məlumat yayıb.
“Con Alfred Tinnisvud 25 noyabr bazar ertəsi Mersisayd qraflığının Sautport şəhərində yaşadığı qocalar evində vəfat etdi", - məqalədə bildirilib.
Ailə üzvləri Tinnisvudu ağıllı, cəsarətli və qətiyyətli insan kimi təsvir ediblər. O, eləcə də istedadlı riyaziyyatçı kimi tanınıb.
Dünyanın ən yaşlı adamı statusu Tinnisvuda onun əvvəlki sahibi, venesuelalı Xuan Visen Peres Moranın 114 yaşında vəfatından sonra keçib.
Tinnisvud uzunömürlülüyünü bəxtlə əlaqələndirib. O, heç bir pəhrizə əməl etmədiyini, cümə günləri balıq və çips yediyini bildirib. O, gündəlik işlərinin çoxunu özü görüb, radioda dünya xəbərlərini dinləyib. Tinnisvuda görə, sağlam qalmaq üçün əsas tövsiyə təmkinliliyə riayət etməkdir.