Avropa İttifaqı (Aİ) və onun üzvü olan ölkələr Ukraynanı dəstəkləmək üçün artıq 124 milyard avro xərcləyiblər.
Yeniavaz.com xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa komissarı Didye Reynders deyib.
“Avropa İttifaqı və onun ölkələri artıq Ukraynaya hərbi yardım da daxil olmaqla 124 milyard avro məbləğində yardım edib”, - Reynders bildirib.
O, Aİ ölkələrinin Ukraynaya hərbi ehtiyaclar üçün 45,5 milyard avro ayırdığını və ehtiyatlarından bütün mümkün silah növlərini, o cümlədən F-16 təyyarələrini təmin etdiyini vurğulayıb.
Reynders deyib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən müsadirə olunmuş gəlirin 1,5 milyard avroluq ikinci tranşından Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro sərmayə qoymaq niyyətindədir.
“Avropa Komissiyası 1,5 milyard avroluq növbəti tranşdan 1 milyard avronu Ukraynanın hərbi sənayesi üçün ayırmağı təklif edir”, - Reynders bildirib.
O, həmçinin daha əvvəl açıqlanan rəqəmləri sadalayıb. Belə ki, Aİ Kiyevə 1 milyon mərmi tədarük etmək vədini səkkiz ay gec də olsa, yerinə yetirib və Ukrayna Silahlı Qüvvələri üçün 65 min əsgərin təlimini artıq başa vurub. Qışın sonuna qədər isə daha 10 min əsgər hazırlayacağını vəd edib.
Lakin bunun döyüş meydanındakı vəziyyəti dəyişmək üçün kifayət olmadığını bildirən Avropa komissarı Aİ ölkələrini təcili olaraq yardımı artırmağa çağırıb.