İtalyan rəssam Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda “Sotheby’s” hərracında 6,2 milyon dollara (10,5 milyon manat) satılıb.
Yeniavaz.com xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən lentdən ibarətdir.
Əsəri alan şəxs məşhur kriptovalyuta platforması TRON-un yaradıcısı Castin Sundur. O, əsəri fiziki olaraq yox, “orijinallıq sertifikatı”nı alıb. Bu sertifikat hər hansı bir bananın divara yapışdırılmasına və “Komediyaçı” adı altında nümayiş etdirilməsinə imkan verir.
Qeyd edək ki, Kattelanın 2019-cu ildə “Art Basel Miami Beach”də sərgilənən bu əsəri o zaman incəsənət xadimləri tərəfindən tənqidlərə məruz qalmışdı. Sərgini ziyarət edənlərin bəziləri banan və gümüşü rəngdə olan yapışqan lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh etmişdilər. Hətta sərgi zamanı başqa bir rəssam “əsəri” divardan götürərək yemişdi.