“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Reuters” agentliyinin Putin və ABŞ-nin gələcək prezidenti Donald Tramp arasında Ukrayna məsələsinə dair mümkün təmaslarla bağlı xəbərini şərh edərkən bildirib.
“Prezident həqiqətən dəfələrlə, daha doğrusu, həmişə Ukraynadakı vəziyyətlə bağlı təmaslara və danışıqlara hazır olduğunu bəyan edib”, - Kreml nümayəndəsi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi “Kremlin planları ilə tanış olan” mənbələrə istinadla Putinin Trampla Ukraynadakı münaqişənin həlli ilə bağlı danışmağa hazır olduğunu yazmışdı.
Onların fikrincə, Moskva xüsusilə münaqişənin döyüş xətti boyunca dondurulması variantını nəzərdən keçirməyə hazırdır. Bununla belə, Rusiya tərəfi üçün Ukraynanın neytral statusa malik olması və onun NATO-ya daxil edilməməsinə təminat verilməsi bəndi əsas olaraq qalır.