Azərbaycanda ilk dəfə olaraq qeyri-dövlət (özəl) sektorunda işləyən muzdla çalışan işçilərin sayı dövlət sektorunda işləyənlərin sayını ötüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin oktyabr ayının 1-nə olan məlumata görə muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 768,3 min nəfər olub. Onlardan 880,3 min nəfəri dövlət, 888 min nəfər isə özəl sektorda işləyib.
Qeyd edək ki, bir ay əvvəl – sentyabr ayının 1-nə olan məlumatda dövlət sektorunda 878,3 min nəfər, özəl sektorda isə 876,6 min nəfər muzdlu işçinin işlədiyi bildirilib.
Onu da bildirək ki, əvvəlki illərdə dövlət sektorunda işləyən muzdlu işçilərin sayı özəl sektorda işləyənlərin sayından 2 dəfəyə yaxın çox olub. Məsələn, 2005-ci ildə Azərbaycanda dövlət sektorunda 858 min nəfər, özəl sektorda isə 439,1 min nəfər muzdlu işçi olub.
Elnur Əli