Tramp türkəsilli həkimə vəzifə verəcək


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Medicare” və “Medicaid” federal səhiyyə xidmətlərinin direktoru vəzifəsinə türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə özünün “Truth Social” hesabında məlumat yayıb.
Tramp qeyd edib ki, Amerika ciddi sağlamlıq böhranı ilə üzləşib və bu problemləri həll etmək üçün Özdən daha ixtisaslı həkim yoxdur.
Özün Harvard Universitetində başlayan təhsil həyatı və karyerasına istinad edən Tramp onun Amerika səhiyyə sistemindəki bir çox problemləri həll edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, ürək-damar cərrahı və televiziya siması olan Öz, Trampın dəstəyi ilə 2022-ci ildə Pensilvaniyada Senata namizəd olsa da, uğur qazana bilməyib.
Xatırladaq ki, ABŞ-də “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. “Medicaid” isə aşağı gəlirli insanları tibbi sığorta ilə təmin edən ortaq federal və dövlət proqramı kimi fəaliyyət göstərir.
2023-cü ildə ABŞ federal hökuməti “Medicare”ə 848 milyard dollar, “Medicaid”ə isə 860 milyard dollar xərcləyib.

DİGƏR XƏBƏRLƏR

Top