Avropa İttifaqı Gürcüstan hökuməti üçün ayrılan 120 milyon avrodan çox vəsaiti başqa məqsədlərə yönəltməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bunu Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasında keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
Borrell qeyd edib ki, oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin ölkənin hazırkı hökumət dövründə demokratiyadan geri çəkildiyini təsdiqləməsinə reaksiya verən Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyi geri götürüb, həmçinin Gürcüstan hökumətinə birbaşa olaraq 121 milyon avro ayrılmasını ləğv edib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsait vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara yönəldiləcək.
Xatırladaq ki, Aİ, ABŞ və Gürcüstan arasında münasibətlər may ayında Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb. Avropa İttifaqı dəfələrlə Tbilisini qanundan əl çəkməyə çağırıb, lakin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri təkid edirlər ki, onun qəbul edilməsində məqsəd Gürcüstandakı QHT-lərə maliyyə axınının şəffaflığını təmin etməkdir. Aİ liderləri dəfələrlə Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesinin dayandırıldığı barədə bəyanatlar veriblər.