“Real Madrid” klubunun prezidenti Florentino Perez Türkiyə millisinin 19 yaşlı futbolçusu Arda Gülərin komandadan ayrılacağı ilə bağlı iddialara cavab verib.
Yeniavaz.com “Defensa Central”a istinadla xəbər verir ki, Perez Ardanın qış transfer pəncərəsində komandadan ayrılmayacağını və bu məsələnin müzakirə olunmadığını vurğulayıb.
“Arda qış transfer pəncərəsində “Real Madrid”də qalacaq. Bu barədə heç bir şübhə yoxdur. Müzakirə bitdi”, - Perez bildirib.
Qeyd edək ki, bundan əvvəl “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti Ardanın planlarında olmadığını bildirmiş və “Arda hazırdır, amma bizim prioritetimiz gənc futbolçuları yetişdirmək deyil, komandanın zəif çıxışını düzəltməkdir”, demişdi. Bu isə istedadlı futbolçunun qış transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı iddialara səbəb olmuşdu.
Xatırladaq ki, bu mövsüm Arda Gülər “Real Madrid”in heyətində 12 rəsmi matçda forma geyinib və 307 dəqiqə meydanda olub.