Millətlər Liqasının bütün 1/4 finalçıları müəyyənləşdi


UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları vaxtından əvvəl müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, Danimarka və Xorvatiya milli komandaları Millətlər Liqasının 1/4 final mərhələsinin sonuncu iştirakçıları olub.
A Liqasının kvartetində qrup mərhələsinin son turunda Xorvatiya yığması Portuqaliya yığması ilə heç-heçə oynayıb (1:1).
Qrupun digər oyununda şotlandlar polşalılara qalib gəlib (2:1). Portuqaliya komandası birinci (14 xal), xorvatlar ikinci (8), şotlandlar üçüncü (7), polşalılar dördüncü (4) olub. Polşa B divizionunda mübarizəsini davam etdirəcək, Şotlandiya isə elit divizionda qalmaq üçün pley-off oynayacaq.
4-cü qrupda Danimarka komandası səfərdə Serbiya komandası ilə heç-heçə oynayıb (0:0), ispanlar isveçrəlilərə qalib gəlib (3:2). İspaniya yığması qrupda birinci (16 xal) olub. Sonrakı yerləri Danimarka (8), Serbiya (6) və İsveçrə (2) komandaları tutub.
Beləliklə, Portuqaliya, Fransa , Almaniya və İspaniya komandaları öz qruplarında birinci yeri tutaraq 1/4 finala yüksəliblər. İkinci yerdə xorvatlar və danimarkalılardan başqa İtaliya və Hollandiya komandaları qərarlaşıb.
Qeyd edək ki, Millətlər Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 22-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Bu mərhələnin ilk oyunları gələn il martın 20-də, cavab görüşləri isə martın 23-də baş tutacaq. Turnirin finalı və üçüncü yer uğrunda görüş iyunun 8-nə təyin edilib.
Xatırladaq ki, Millətlər Liqası dördüncü dəfədir keçirilir. Turnirin hazırkı qalibi İspaniya komandasıdır. Yarışda Portuqaliya (2019) və Fransa (2021) komandaları da qalib gəlib. Millətlər Liqası 2026-cı il dünya çempionatının seçmə mərhələsidir. Qrup qalibləri arasında ən yaxşı dörd komanda seçmə qrupda ilk iki yeri tutmasa, dünya çempionatına çıxmaq üçün pley-offda oynamaq imkanı əldə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top