Dünyamızın gələcəyi üçün...


İnsan oğluna tərtəmiz, nizamla işləyən, hər şeyi yerli-yerində bir dünya əmanət edildi. Göyləri masmavi, dağları dimdik, meşələri yamyaşıl...
Dəryaları elə təmiz idi ki, sanki suları süzülüb arınmışdı. Hələ insanın yaranmasına, yer üzünə hökmran olmasına qədər çox canlı var idi dünyada. Dəryalar balıqlarla, meşələr heyvanlarla dolub daşırdı. Bir tərəfdən yeni canlılar dünyaya gəlir, bir tərəfdən də vaxtı çatanlar ölüb gedirdi. Meşələrdə, dəryalarda hər gün minlərlə, milyonlarla canlı ölürdü, amma hər növbəti gün hər şey tərtəmiz, yepyeni olurdu.
Təmizlik məmurları, sanitarlar həmişə iş başında idi. Dəryada köpəkbalıqları dəniz və okeanların təmizliyini qoruyurdular və harada bir balıq, ya da bir dəniz heyvanı ölsə, özlərini yetirib oranı “təmizləyirdilər”. Beləcə, həm öz ehtiyaclarını ödəyir, həm də ətraf mühiti qoruyurdular.
Eyni mənzərə yer üzündə də hakim idi. Hər gün meşələrdə irili-xırdalı nə qədər heyvanlar ölür və digər heyvanlara yem olurdular. Əvvəlcə böyük heyvanlar yeyib çəkilir, sonra da nisbətən kiçiklər qarınlarını doyururdular. Onlardan qalanlarla da quşlar yeyib doyurdular. Ən axırda da qarışqa və digər həşəratlar öz nəsiblərini alırdılar.
Eyni sistem bu gün də fəaliyyətini davam etdirməkdədir. Bu gün də dənizlərdə, meşələrdə eyni sanitarlar eyni vəzifələri yerinə yetirirlər.
Yer üzündə qurulmuş bu mükəmməl sistemə ən qaba müdaxilə insan oğlu tərəfindən edilir. İnsan çayları qurudur, dağları əridir, meşələri qırır, dəryaları çirkləndirir, göy üzünə hər gün min tonlarla çirkab atır. Halbuki təmizlik, qurulmuş nizamı qoruyub saxlamaq hər kəsdən əvvəl insan oğlunun xeyrinədir.
Bir çoxları təmizlik anlayışını ancaq öz evinin içi, əyin-başı qədər düşünür, sonrası haqqında fikirləşmək belə istəmir. Halbuki insan onlar qədər ətraf mühitin də təmizliyini düşünməli, yaşadığı küçənin, məhəllənin, kəndin, şəhərin, dünyanın təmizliyi uğrunda çalışmalıdır.
Avtomobillə rayona gedirsən, yol kənarına atılmış zibil torbaları, boş şüşə qablar, sellofan torbalar diqqətini çəkir. Şəhərlərdə ev tikmək istəyən sahibkarlar gecələr xəlvətcə ağac kəsir, insanlar üçün oksigen istehsal edən bir “fabrik”i məhv edirlər. Dənizlər əriməyən, çürüməyən plastik qablar və digər ekoloji baxımdan zərərli əşyalarla doludur. Bütün bunlar sularda yaşayan canlıların həyatını təhlükə altında qoyur. Fabrik və zavodlardan çıxan zərərli sular, zəhərli maddələr çaylara, göllərə, dənizlərə axıdılır və çoxsaylı heyvan ölümünə, xüsusilə də, balıq qırğınına səbəb olur. Bütün bunlar yetməzmiş kimi, ölkələr arasında gedən müharibələr istər bəşəri, istərsə də ekoloji baxımdan böyük fəlakətlərə səbəb olur.
Bu gün Azərbaycanımızın işğaldan azad olunmuş nə qədər əraziləri xaraba halındadır və abad ediləcəyi günü gözləyir. Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə bütün dünyanın gələcəyini təhlükə altına alır. Xaraba qalan şəhər və kəndlər, yandırılan meşələr, müxtəlif kimyəvi silahlardan istifadə nəticəsində havaya qarışan zəhərli maddələr insan sağlamlığına ciddi zərərlər verir. Ona görə də, bu gün dünyada yeni-yeni xəstəliklər, cürbəcür bəlalar özünü göstərir.
İqtisadi baxımdan dünyanın ən güclü ölkələri ABŞ, Çin, Hindistan, Fransa... hər gün atmosferə milyonlarla ton həcmində zəhərli tullantılar buraxır. Nə qədər yığıncaq, sammit, konfrans keçirilsə də, bu ölkələr maddi mənfəətlərindən əl çəkmir, öz “fəaliyyətlərini” davam etdirirlər. Onlar öz büdcələrini daha da “zənginləşdirmək” üçün bütün dünya xalqlarının həyatını riskə atırlar.
Bu gün dünyanın müxtəlif ölkələrində suların çəkilməsi, su qıtlığının baş verməsi, hələ bu az imiş kimi qütblərdə minillik buzlaqların əriməsi məhz insan əli ilə işlənən və bəşərin sabahını təhlükə altında qoyan bu cür cinayət tərkibli əməllərlə bağlıdır.
İstər şəxsi mənada, istərsə də qlobal mənada təmizliyə riayət etmək hər kəsin insanlıq borcudur. Hər gün paltarını ütüləyən, ayaqqabısını parıldadan, evində, iş yerində bir zərrə toz görəndə səsini qaldıran, amma çaylara zəhərli maddələr axıdan, göy üzünə zəhərli qazlar buraxan, canlıların ölümünə səbəb olan biri meşədəki vəhşidən belə daha betər, daha amansızdır.
Dünyanın sahibi insan deyil, yer üzü insana əmanət olaraq verilib. Əmanət isə o deməkdir ki, sən ondan öz ehtiyaclarını ödəyəcək qədər istifadə haqqına sahibsən. Yağmalamaq, talan etmək, xarabazara çevirmək, gələcək nəsillərin payını indidən heçə-puça çıxarmaq kimsənin nə haqqıdır, nə də həddi. Amma təəssüflər olsun ki, bu gün dünyanın “güclü” ölkələri gələcək nəsillər qarşısında cinayət işləyirlər.
Dünya bizim ortaq evimizdir. Burada bir amerikalının, bir ingilisin, bir fransızın nə qədər haqqı varsa, bır sudanlının, bir həbəşin, cəngəllikdə yaşayan bir qəbilə üzvünün də o qədər haqqı var. İnsan oğlu həddini aşmaqla bu yer üzündə onunla paralel yaşayan digər canlıların da həyatına qəsd etmiş olur. Az qala hər gün hansısa canlının yer üzündə nəsli tükənir. Bütün bunların ilkin baiskarı da insandır.
Yazımızı gözəl bir deyimlə tamamlamaq istəyirik: Dənizlərdəki sonuncu balıq öləndə, göy üzündəki sonuncu quşun ölüsü yerə düşəndə insan oğlu topladığı sərvətin heç bir məna ifadə etmədiyini başa düşəcək. Vəssalam.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top