Məşhur bloger Ceyk Pol ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki 80 min tutumlu AT&T arenasında keçirilən peşəkar boks gecəsində əfsanəvi boksçu Mayk Taysonu məğlub edib.
Yeniavaz.com xəbər verir ki, mübarizə qaydalarda nəzərdə tutulmuş səkkiz raundun hamısında davam edib və hakimlərin yekdil qərarı ilə Polun 79-73 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə Polun peşəkar karyerasında 11-ci qələbəsi (7-si nokautla) olub. O, həmçinin 1 məğlubiyyətlə yadda qalıb.
Bu döyüşdən əvvəl 58 yaşlı Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə kiçik Roy Consla çıxıb. Döyüş hər biri iki dəqiqə olmaqla səkkiz raund davam edib. Görüş ayrılıqda heç-heçə başa çatıb.
Peşəkar karyerasında Mayk Tayson 56 döyüş keçirib və bu döyüşlərdə 6 məğlubiyyətlə 50 qələbə (44-ü nokautla) qazanıb. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
Ceyk Pol isə bundan əvvəl sonuncu dəfə 21 iyul 2024-cü ildə keçmiş “Ultimate Fighting Championship” (UFC) döyüşçüsü Mayk Perri ilə döyüşdə qalib gəlib.
Qeyd edək ki, bu döyüş üçün Pol 40 milyon, Tayson isə 20 milyon dollar almalıdır.