İtaliyalı mütəxəssis Klaudio Ranyeri karyerasında üçüncü dəfə İtaliyanın “Roma” futbol klubunun baş məşqçisi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Roma” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə cari mövsümün sonuna qədər qüvvədə olacaq, bundan sonra 73 yaşlı Ranyeri klubda rəhbər vəzifəyə keçəcək.
Təcrübəli mütxəssis 2009-2011 və 2019-cu illərdə “Roma”ya rəhbərlik edib. O, futbolçu karyerası ərzində 1973-1974-cü illərdə “Roma” komandasında çıxış edib. Ranyeri bu mövsüm “Roma”nın üçüncü məşqçisi olub. Belə ki, komanda çempionata italiyalı Daniele De Rossinin rəhbərliyi ilə başlayıb. Daha sonra onu xorvatiyalı İvan Yuriç əvəzləyib.
Ranyeri “Roma”dan başqa İtaliyanın “Napoli”, “Fiorentina”, “Yuventus”, “İnter”, “Parma” və “Samdoriya”, İspaniyanın “Valensiya” və “Atletiko”, İngiltərənin “Çelsi”, “Fulhem”, “Uotford” və “Lester”, Fransanın “Nant” və “Monako” klublarına, eləcə də Yunanıstan millisinə rəhbərlik edib.
O, “Valensiya”nı Kral Kubokunda, İntertoto Kubokunda və UEFA Super Kubokunda qələbəyə aparıb, “Fiorentina” ilə İtaliya kubokunu və ölkə Superkubokunu qazanıb, “Lester”lə isə İngiltərə çempionu olub.
Qeyd edək ki, “Roma” 12 turdan sonra 13 xal toplayıb və İtaliya çempionatının cədvəlində 12-ci yerdədir.
Növbəti oyunda “Roma” komandası noyabrın 24-də səfərdə turnirin lideri “Napoli” ilə qarşılaşacaq.