Pakistan məhkəməsi İmran Xana qarşı ittihamları ləğv etmədi


Pakistan məhkəməsi müxalifətdəki “Ədalət Hərəkatı” Partiyasının qurucusu, keçmiş baş nazir İmran Xanın hakimiyyətdə olarkən xarici liderlərdən alınan qiymətli hədiyyələrin satışından əldə edilən gəlirlərin gizlədilməsi ilə bağlı ittihamları ləğv etmək tələbini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəkil Şoaib Şahinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, xüsusi məhkəmənin hakimi bu hökmü keçmiş baş nazirin bir ildən artıqdır ki, bir neçə məhkəmə hökmü üzrə həbs cəzasını çəkdiyi paytaxt İslamabad yaxınlığındakı həbsxanada keçirilən iclasda elan edib. O, indi məhkəmənin rəsmi olaraq bu iş üzrə ittihamları formalaşdıracağını bildirib.
Əvvəllər xəbər verildiyi kimi, istintaq İmran Xan və onun həyat yoldaşı Büşra Bibi tərəfindən “Toşaxana” dövlət anbarına təhvil verilmək əvəzinə satıldığı iddia edilən 7 “Graff” və “Rolex” saatı, həmçinin 10 brilyant və qızıl-zinət əşyası da daxil olmaqla xarici hədiyyələrin qeyri-qanuni satışı ilə bağlıdır.
Qeyd edək ki, belə bir məhkəmə qərarı müxalifət partiyasınn noyabrın 24-nə planlaşdırılan “İslamabada yürüşü” ərəfəsində elan edilib. Partiya bu yolla Pakistan hakimiyyətinin üç əsas tələbi yerinə yetirməsinə nail olmaq niyyətindədir. Birincisi, bu yaxınlarda qəbul edilən konstitusiya dəyişikliklərini ləğv etməklə İslam respublikasının məhkəmə sistemini bərpa etmək, ikincisi, əvvəllər həbsdə olan partiya rəhbərlərini və fəallarını azad etmək, üçüncüsü, 2024-cü il fevralın 8-də Milli Assambleyaya (parlamentin aşağı palatası) və ölkənin əyalət qanunvericilik orqanlarına seçkilərdə səsvermənin nəticələrini yenidən nəzərdə keçirmək.
Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Xanın dövlət sirlərini pozmaqda şübhəli bilinən istintaqı 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb. Siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top