Böyük Britaniyada “ölüm sayğacı” sınaqdan keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Bildirilib ki, söhbət süni intellektə əsaslanan, ürəyin sağlamlığının təhlili əsasında insanın ömrünü hesablamağa qadir olan xüsusi proqramdan gedir.
“The Lancet” elmi jurnalında dərc olunan məqaləyə görə, bu proqramın köməyi ilə xəstələr elektrokardioqrammadan keçməlidirlər. Tərtibatçıların fikrincə, bu yolla əldə edilən məlumatlar neyroşəbəkə üçün gələcəkdə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmaq və hətta insanın gözlənilən ölüm tarixini müəyyən etmək üçün kifayət edəcək.
Alimlər süni intellektin 10 il ərzində ölüm riskini 78 faiz dəqiqliklə hesabladığını açıqlayıb.
Tədqiqatçılar iddia edirlər ki, proqram hətta ürək patologiyalarına səbəb ola bilən, lakin hələ özünü göstərməyən genetik dəyişiklikləri də oxuya bilir. “Ölüm sayğacı”nın yaradıcılarının fikrincə, o, xüsusilə ürək çatışmazlığı, mədəciklərin aritmiya və aterosklerozdan ölüm riskini dəqiq müəyyən edir.
Qeyd olunur ki, təxminən 190 min xəstənin EKQ məlumatlarından istifadə edilərək, süni intellektə onların növbəti 3-5 il ərzində sağlamlıq vəziyyətini müşahidə etmək öyrədilib. Eksperimentdə iştirak edən 190 min xəstədən təxminən 35 mini tədqiqat zamanı dünyasını dəyişib. Sistem ABŞ, Braziliya və Böyük Britaniyada könüllülər üzərində sınaqdan keçirilib. Yaxın vaxtlarda proqramın London xəstəxanalarında sınaqdan keçirilməsi planlaşdırılır. Kardioloqlar onun gələcəkdə səhiyyə sistemində geniş istifadə olunacağına ümidvar olduqlarını bildiriblər.