Kanada 10 illik vizaların verilməsini dayandırır – KİV


Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Komissiyası (IRCC) tərəfindən müəyyən edilən yeni qaydalara uyğun olaraq, 10 illik çoxdəfəlik vizaların avtomatik verilməsi dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CTV telekanalı miqrasiya xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Əvvəllər Kanadaya gələn ziyarətçilərə 10 ilə qədər çoxdəfəlik giriş vizası verilə bilərdi ki, bu da onlara həmin müddət ərzində ölkəyə sərbəst girib-çıxmaq imkanı verirdi.
Yeni qaydalara əsasən, bu, artıq standart seçim olmayacaq. IRCC-dən bildirilib ki, indi viza məmurları birdəfəlik və ya çoxdəfəlik vizanın veriləcəyini və onun etibarlılıq müddətini müəyyən etmək üçün ərizəçiləri fərdi əsasda qiymətləndirəcəklər. Çoxdəfəlik giriş vizası üçün məmurlar etibarlılıq müddətinə də qərar verə, maksimum 10 ildən daha qısa müddət təqdim edə biləcəklər.
Qeyd edək ki, oktyabrın sonunda baş nazir Castin Trüdo bəyan edib ki, Kanada yaxın üç il ərzində miqrantların sayını azaldacaq. İmmiqrasiya məsələləri üzrə nazir Mark Miller bildirib ki, 2025-ci ildə miqrant kvotası planlaşdırılan 500 mindən 395 minə, 2026-cı ildə 380 minə, 2027-ci ildə isə 365 minə endiriləcək.
2023-cü ilin rəsmi statistikasına əsasən, Kanadada yaşayan və hələ də bu ölkənin pasportunu almamış miqrantların sayı 2,5 milyon nəfərdən çoxdur ki, bu da ümumi əhalinin 6,2 faizini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top