“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Qəzetin həmsöhbətləri bildiriblər ki, Tramp “hələ də son anda fikrini dəyişə bilər”.
Məqalədə deyilir ki, Marko Rubio 2010-cu ildə Senata (ABŞ Konqresinin yuxarı palatası) seçilib və Çin və İrana qarşı sərt mövqe tutaraq özünü xarici siyasətdə şahin kimi göstərib.
Qeyd edək ki, 2021-ci ilin yanvarından dövlət katibi vəzifəsini hazırkı prezident Co Baydenin administrasiyasında Entoni Blinken tutur.
Bundan əvvəl Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi bildirilib.
CNN-in dünən verdiyi xəbərə görə, ABŞ-nin yeni seçilmiş prezidenti özünün keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə rəhbərinin müavini təyin etmək qərarına gəlib. Telekanal Milleri miqrasiya sahəsində sərt tədbirlərin əsas ideoloqu adlandırıb.
Donald Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi ilə bağlı da qərar verib və bu vəzifəni Nümayəndələr Palatasının üzvü Eliza Stefanikə təklif edib. CNN onu seçilmiş prezidentin etibarlı müttəfiqi kimi səciyyələndirdi və onu Respublikaçılar Partiyası üçün böyük pul yığan şəxs adlandırdı.
Xatırladaq ki, ABŞ-də seçkilər noyabrın 5-də keçirilib. 24 saat ərzində Donald Tramp qalib gəlmək üçün lazım olan 270 seçici səsini üstələyib. ABŞ-nin seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.