İlham Əliyev San-Tome və Prinsipinin Baş naziri ilə görüşüb – Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlət başçısı onun əhəmiyyətinə toxunub.
Xoş sözlərə görə minnətdarlığını bildirən Patris Emeri Trovoada Bakının gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.
O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, sülhün və sabitliyin təmin olunmasının önəmini qeyd edib.
Patris Emeri Trovoada ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Qonaq COP29-un uğurlu keçməsini arzulayaraq qeyd edib ki, bu tədbir dünyanın üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.
San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğulayıb.
COP29-un səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirən dövlət başçısı qeyd edib ki, kiçik ada dövlətləri ilə əlaqədar ayrıca Zirvə toplantısı keçiriləcək. Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın Azərkosmos vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək.
Söhbət zamanı ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olacağını diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulanıb.

***16:14
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətindən məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top