Norveçin Oslo şəhərində keçirilən Beynəlxalq pişik sərgisində (“FIFe World Show”) Bakardi adlı pişik dünyanın ən gözəl pişiyi seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “polskieradio.pl” portalı məlumat yayıb.
Məlumata görə, Rus Mavi pişik cinsinə aid olan Bakardi sərgiyə Polşanın Qdansk şəhərindən gətirilib.
Dünyanın ən böyük sərgilərindən biri sayılan sərgi Beynəlxalq Pişiklər Federasiyası tərəfindən keçirilib.
Qərar iştirakçıların bədən quruluşunu, dərisinin keyfiyyətini və rəngini, həmçinin üzünün ifadəsini qiymətləndirən 26 münsif tərəfindən qəbul edilib.
Finalda Bakardi bir somali, bir həbəş və üç şərq pişiyini üstələyib.
Ümumilikdə, 1500 pişik mükafatlar uğrunda mübarizə aparıb. Müxtəlif kateqoriyalarda 34 ev heyvanı qalib seçilib.
Qeyd edək ki, Rus Mavi pişik cinsinin təxminən 17-ci əsrdə Rusiyanın şimalında meydana gəldiyi ehtimal olunur.
Xatırladaq ki, “FIFe World Show” hər il müxtəlif ölkələrdə keçirilir. Bu il Norveçdə baş tutan sərgiyə 2025-ci ildə Rumıniya ev sahibliyi edəcək.