Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Noyabrın 6-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib”, - məlumatda deyilib.
Nazirlik qeyd edib ki, respublikanın hakimiyyət orqanları seçkilərin birinci raundu və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumundan əvvəl Rusiya Federasiyasından olan beş beynəlxalq müşahidəçinin akkreditasiyadan əsassız olaraq imtina edib:
“Daha sonra, noyabrın 3-də baş tutan ikinci turdan əvvəl Kişinyov hava limanında ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvü Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olsa da, respublikaya buraxılmayıb.
Bu cür hərəkətlər Kişinyov tərəfindən beynəlxalq öhdəliklərinin, xüsusilə də Moldovanın tərəfdar çıxdığı 1990-cı il ATƏM Kopenhagen Sənədi və 2002-ci il MDB-nin Demokratik Seçkilər, Seçki Hüquqları və Azadlıqları Standartları üzrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.