Naxçıvan məktəblərində gözətçi və xadimələrin maaşlarından pul tutulur? – Açıqlama


Naxçıvan Muxtar Respublikasındakı orta məktəblərdə çalışan gözətçi və xadimələr bildirirlər ki, onların maaşları kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iddialar “Gündəlik Naxçıvan”da dərc olunub.
İddiaya görə, onların hər birinin maaşından 150 manat kəsilib və bu vəsaitin Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi bidirilib.
Şərur məktəblərinin birində gözətçi işlədiyi bildirilən Elxan Hüseynov deyir ki, etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər:
“Bu dövlət nə günə qalıb ki, Qarabağı dirçəltmək üçün süpürgəçi və gözətçilərin puluna göz dikir. Yardım könüllü olmalıdır, məcburi yox. Mən şəxsən 5-10 manat könüllü yardım verərdim. Maaşımın tən yarısını kəsiblər az qala. 350 manat alırdım, bu ay 200 verdilər. Adımız gözətçi, xadimə olsa da, demək olar ki, məktəbdə olan bütün fəhlə işlərini bizə gördürürlər. 10 ildən artıqdır ki, məktəbdə gözətçi işləyirəm”.
Naxçıvan şəhərindəki məktəblərdən birində xadimə işlədiyi bildirilən G. Heydərova da maaşının azalmasından şikayətlənir:
“Aldığımız minimum əmək haqqıdır. Bunu da bizə çox görürlər. Bütün günü də işdə saxlayırlar. Guya ki, Qarabağın quruculuğuna yardım edirlər. Naxçıvanda yüzlərlə məktəb, hər məktəbdə də bir neçə gözətçi və xadimə var. Bizdən kəsilən bu pulların hamısı yuxarıda bölüşdürülür”.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanladığımız sorğuya belə cavab verildi:
“Bəzi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir.
Nazirliyə tabe təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb qoyulmayıb, yayılan məlumatlar dezinformasiya xaraterlidir. Məlumatda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar. Bu tipli məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir.
Onu da bildiririk ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutqulardan başqa əlavə vəsait tutulursa, Nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top