“Banklar kredit faizlərini qısa müddət sonra müştəridən almağa çalışırlar” – Deputat


“İstehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa onun təxminən 120 manatı məhz faiz ödənişidir:
“Yəni, kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə bəlli olur ki, əvvəlki ödənişlərinin xeyili hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb. Faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışırlar. Bu isə müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyyəsi məqsədəuyğun olardı”.

DİGƏR XƏBƏRLƏR

Top