“İran Tehrana və Yaxın Şərqdəki İslam müqavimət qüvvələrinə qarşı düşmən addımlarına cavab olaraq İsrail və ABŞ-yə ciddi zərbə vuracaq”.
Yeniavaz.com xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.
“Düşmənlər, o cümlədən ABŞ və sionist rejim (İsrail – red.) bilməlidirlər ki, İrana və müqavimət cəbhəsinə qarşı hərəkətlər mütləq sarsıdıcı cavab alacaq. Təkəbbürlə mübarizə bizim məsuliyyətimizdir. Təkəbbür hərtərəfli iqtisadi, hərbi və mədəni hökmranlıq deməkdir. Onlar uzun illər İran xalqını aşağılayıblar. Ona görə də İran xalqı təkəbbürə qarşı müqavimət göstərib və müqavimət göstərəcək”, - Xamenei deyib.
O, Tehranın müasir dünya düzəninə nəzarət edən cinayətkar qruplaşmanı devirəcəyi ilə bağlı xəbərdarlıq edib. Respublika rəhbəri qeyd edib ki, hakimiyyət dövlətin müdafiə potensialının gücləndirilməsi üçün hər şeyi edir.
Xatırladaq ki, oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərinin əsas fiqurlarının öldürülməsinə cavab olaraq İsrailə qarşı irimiqyaslı raket hücumu həyata keçirib. İsrail hücuma cavab verəcəyini vəd edib.