“Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib” – FHN


Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur:
“Məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
Yalnız son bir ay ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”.

DİGƏR XƏBƏRLƏR

Top