ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd, indiki vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Trampın seçki kampaniyası üçün təxminən 14,7 milyard dollar xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadla məlumat yayıb.
Bu cür vəsaitlər 2024-cü il seçki dövründə siyasi partiyalar, həmçinin, siyasi komitələr tərəfindən xərclənib. Ümumilikdə 11 min bu cür siyasi qrup var.
Xərclərin böyük əksəriyyəti, “Bloomberg”in qeyd etdiyi kimi, reklamlarla bağlıdır.
Eyni zamanda bu sahədə ən böyük xərclər, ekspertlərin fikrincə, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinin nəticəsini müəyyən edəcək əsas ştatlarda sərf olunub.
Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında reklam kampaniyaları gecə-gündüz davam edir. Binaların pəncərələrində, yol kənarlarında asılan klassik seçki plakatları, eləcə də efirləri dolduran televiziya reklamları ilə yanaşı sosial şəbəkələrdə rəqəmsal reklamlar da əksəriyyət təşkil edir.