Mərkəzi Bank faiz dərəcəsini açıqladı


Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AMB-nin faiz dəhlizinin parametrləri haqqında yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Onu da qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min 250 manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top