Nyu Yorkdakı Morqan Kitabxanası və Muzeyində bəstəkar Frederik Şopenin naməlum valsının musiqi əlyazması tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Bildirilib ki, partitura 2019-cu ildə muzeyə vəsiyyət edilib, lakin koronavirus pandemiyası səbəbindən lazımi kataloqlaşdırmadan keçməyib. Əlyazma Şopenin əli ilə yazılmış kimi qəbul edilib, lakin onun imzası olmayıb.
Müəllifin əlyazmasını, kağızını, dəst-xəttini, üslubunu tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, onun müəllifliyi həqiqətən də məşhur bəstəkara məxsusdur. Əlyazma 1830-1835-ci illər arasında yaradılıb.
Çinli pianoçu Lang Lan valsı Şopenin ən mürəkkəb musiqisi yox, ən orijinal üslublarından biri adlandırıb. Parça təxminən 80 saniyə davam edir.
Qeyd edək ki, Frederik Şopen Polşa milli bəstəkarlar məktəbinin banisidir. Məşhur “Payız valsı”, “Bahar rapsodiyası (Noktürn 2)” və s. əsərlərin müəllifidir.