AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə
AFFA-nın rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, iclasda Misli Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan Tovuz” – “Kəpəz” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə qərb təmsilçiləri 700 manat cərimə edilib.
Matç bitdikdən sonra qonaqların üzvü Dioqo Verdaska hakimin qərarına etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alaraq, 1 oyunluq cəzalanıb, klub isə əlavə 500 manat ziyana düşüb.
“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığına görə klublar 700 manat cərimələnib.
Digər tərəfdən, AFFA aşağı yaş liqalarında iştirak edən dörd komandaya – “Sabirabad”, “Şirvan”, “Lokomotiv” və “Laçın”a texniki məğlubiyyət verib.
U-14 Liqasında çıxış edən “Sabirabad” “Araz-Saatlı” ilə matça gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Həmçinin U-11 Liqasında “Lokomotiv” komandası “Şamaxı” ilə matçda, U-10 Liqasında isə “Laçın” kollektivi “Baku Sporting”lə görüşdə təyin edilən vaxtda meydanda olmadığı üçün cəzaya məruz qalıb.
U-12 Liqasının iştirakçısı “Şirvan” isə “Aran”la görüş üçün heyətində yetərsay olmadığına görə texniki məğlubiyyət alıb.