Uşağınızı nə başqa uşaqlarla, nə də bacı-qardaşları ilə müqayisə etməyin. Belə müqayisələr həm sizə, həm də uşağınıza mənfi təsir göstərə bilər. Belə ki, siz bu müqayisələrlə uşağınızın heç bir şey bacarmadığını düşünməyə başlaya və ona qarşı obyektivliyinizi itirə bilərsiniz. Bu isə, təbii olaraq, sizin uşağınızı olduğu kimi görməyinizə mane olar.
Əgər müqayisələr bir valideyn kimi sizə belə mənfi təsir göstərirsə, deməli onun uşaqlara mənfi təsiri daha çoxdur. Belə ki, başqaları ilə müqayisə olunan uşaq ilk növbədə:
- Özünə inamını itirir,
- Heç kimin onu sevmədiyini düşünür,
- Bacarıqsız və qabiliyyətsiz olduğuna inanır.
Bütün bu hisslər, nəticədə, uşağa emosional təsir göstərir. “Sinif yoldaşın daha ağıllıdır”, “Qardaşın kimi tərbiyəli ola bilmirsən”, “Nə üçün xalan oğlu kimi səliqəli deyilsən?” və s. kimi müqayisələr uşağın özünə qapılmasına səbəb olur. Belə uşaqlarda aqressivlik hallarının müşahidə olunması da təbiidir. Bundan başqa, uşağınız onunla müqayisə etdiyiniz uşağa çata bilməyəcəyini düşünür və qısa bir vaxtda mübarizədən əl çəkir. Tədricən o təşəbbüs göstərməkdən də imtina etməyə başlayır.
Başqaları ilə müqayisə edilən uşaqlar həmçinin zəif xarakterli olurlar. Belə uşaqlar cəmiyyətə uyğunlaşmaqda da çətinlik çəkirlər.
Elə isə, nə olursa olsun, uşağınzı başqaları ilə müqayisə etməyin. Yoxsa, onu cəmiyyətdən təcrid edə və içindəki xəzinələrin gizli qalmasına səbəb ola bilərsiniz.
Aygün Vəliyeva