Hazırda MSK-da mövcud olan məlumatlara görə, parlament seçkilərində “Gürcü arzusu” 52,94 faizlə öndədir.
Yeniavaz.com “24News.ge”yə istinadən xəbər verir ki, 2206 seçki məntəqəsinin nəticələrinə görə, beş partiya 5 faizlik baryeri keçib.
“Gürcü arzusu” – 52,99 faiz - (935 004 səs);
“Dəyişiklik üçün koalisiya” – 11.2 faiz - (197 619 səs).
“Birlik – Milli Hərəkat” – 9.83 faiz - (173 510 səs)
Güclü Gürcüstan” – 9.2 faiz - (159 306 səs)
“Gürcüstan üçün” – 8.22 faiz - (145 205 səs).
Qeyd olunur ki, ümumi 3111 məntəqənin demək olar ki, 75 faizi hesablanıb.
***20:46
Gürcüstanda parlament seçkilərində səsvermə saat 20:00-da başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçkilərdə seçici fəallığı 50,6 faiz təşkil edib.
Gürcüstanın hakim “Gürcü Arzusu”ndan olan Baş nazir İrakli Kobaxidze hələ səsvermə başa çatmamış bəyan edib ki, onun partiyası seçkilərdə böyük üstünlüklə qalib gəlib. O, seçki məntəqələrindən daxil olan məlumatlara istinad edib.
“Dəyişiklik naminə” müxalifət partiyası koalisiyasının liderlərindən biri Nika Melia brifinqdə deyib ki, “Gürcü arzusu”na qarşı çıxan dörd müxalifət partiyasının hamısı 5%-lik baryeri keçib və parlament çoxluğuna arxalana bilərlər. Onun sözlərinə görə, “Gürcü arzusu” 40%-dən az səs toplayıb.
Hakimiyyətə yaxın “İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü arzusu” 56,1% səs toplayıb. Müxalif “Dəyişiklik” və “Birlik Koalisiyaları - Milli Hərəkat” hər biri 12,6% və 11,6% səs toplayıb.
Müxalif “Formula” telekanalının keçirdiyi “exit-poll”un nəticələri belədir: “Gürcü arzusu” – 40,9%, “Dəyişiklik üçün Koalisiya” – 16,7%, “Birlik – Milli Hərəkat” – 16,7%, “Güclü Gürcüstan” - 10,3%, “Gürcüstan üçün” - 8,2%.
***10:45
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, parlament mandatları uğrunda ümumilikdə 18 partiya mübarizə aparacaq.
“Gürcü Arzusu”nun əsas rəqibləri dörd müxalifət partiyası hesab olunur. Bunlar eks-prezident Mixail Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat”, keçmiş baş nazir Giorgi Qaxariyanın yaratdığı “Gürcüstan naminə Qaxariya”, “Güclü Gürcüstan” və “Dəyişiklik üçün Koalisiya” partiyalarıdır.
Bu dörd partiya “Gürcü arzusu”ndan daha çox mandat alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır.
Hakim partiya təkcə bu seçkilərdə qalib gəlmək deyil, həm də konstitusiya çoxluğunu, yəni 150 mandatdan ən azı 113 mandatı əldə etmək niyyətindədir.
Partiya liderlərinin dediyi kimi, bu, Saakaşvilinin partiyasını, eləcə də ona bağlı olan müxalifət partiyalarını konstitusiyaya zidd kimi tanımaq üçün lazımdır.
Ümumilikdə Gürcüstanda və ondan kənarda 3,5 milyondan çox seçici üçün 3111 seçki məntəqəsi açılacaq. Xaricdə isə 42 ölkədə 67 seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə prosesi yerli vaxtla saat 8:00-da başlayacaq və 20:00-da başa çatacaq.
Seçkilər yalnız proporsional sistemlə keçiriləcək. Bundan əvvəl seçicilər majoritar seçki dairələri üzrə deputatlığa namizədlərə də səs verirdilər. Həmçinin, bu seçkilərdə elektron bülletenlərin emalı sistemlərindən ilk dəfə istifadə olunacaq. Seçicilər seçki məntəqələrində xüsusi cihaz vasitəsilə yoxlanılacaq. Bülletenlər qutulara deyil, elektron oxuma qurğularına yerləşdiriləcək. Bu cür avadanlıq bütün ölkə üzrə seçki məntəqələrinin 74 faizində quraşdırılıb ki, bu da seçicilərin 90 faizini əhatə edir. Elektron seçki qutuları seçkidən sonra səsləri bir düyməyə basmaqla saymağa imkan verəcək, eyni zamanda seçicilərin saxtakarlıq riskini minimuma endirəcək.
MSK-nın seçki məntəqələri bağlandıqdan sonra iki saat ərzində ilk səsvermə nəticələrini təqdim edəcəyi gözlənilir. Səsvermə gününün sonunda həm iqtidaryönlü “İmedi” telekanalında, həm də müxtəlif sosioloji şirkətlər tərəfindən aparılacaq müxalifət telekanallarında “exit-poll” gözlənilir.