Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BRİKS ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Rüsiyanın Kazan şəhərinə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tatarıstan Dövlət Şurasının mətbuat xidməti məlumat yayıb.
“BMT-nin Baş Katibi Antonio Quterreş BRİKS dövlət başçılarının sammitində iştirak etmək üçün Kazana gedib. BMT-nin baş katibini Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb”, - məlumatda qeyd edilib.
Oktyabrın 23-də BMT baş katibinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Qeyd edək ki, BRİKS dövlət başçılarının XVI sammiti oktyabrın 22-dən 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq təşkilata yeni üzv ölkələr iştirak edəcək.
Xatırladaq ki, BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə təşkilata Cənubi Afrika da qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Sammitdə 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir.