İnternet iki ağızlı qılınc kimidir, xeyirə də kəsir, zərərə də...


Kim nə deyir-desin, bəşər tarixinin ən böyük kəşflərindən biri kompüter və mobil telefondur. İnternet əsrində yaşayırıq. Ağlımıza gəlməyən əfsanələr bir andaca reallıq kimi qarşımıza çıxır.
İnsan həyatı son 30-40 ildə o qədər dəyişib ki, insan oğlu bu müddətdə sanki min illəri adlayıb. İndı evlərimizi kompütersiz, insanlarımızı mobil telefonsuz təsəvvür etmək çətindir.
Mobil telefon bir anda həyatımızın bir parçasına çevrildi. Kompüter, mobil telefon təkcə rabitə vasitəsi deyil, kitabxanadır, televizordur, kino zalıdır, musiqi köşküdür, bankdır, ödəniş yeridir, qazanc mənbəyidir...
İnsan var ki, gününün yarıdan çoxunu gözlərini əlində tutduğu telefonun ekranına zilləyərək keçirir. Demək, bu mobil telefon həm də asılılıqdır, müəyyən mənada xəstəlikdir.
Amma etiraf edək ki, zərərindən nə qədər danışsaq da, internetdən, mobil telefondan kənarda qalmaq, çox şeydən məhrum olmaq deməkdir. İnternetin və mobil telefonun qarşımızda açdığı imkanlar iki ağzı da kəsən qılınc kimidir, zərərə də işləyir, xeyirə də. Məsələ bu imkanlardan imtina etməkdə deyil, onun yaxşı tərəflərindən faydalanmaqda, zərərlərindən uzaq durmaqdadır. Saatlarla boynunu aşağı əyib bu texniki avadanlıqlarla vaxt keçirməyin zərərini ən çox boyun fəqərələri görür. Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində problemlər meydana gəlməyə başlayır. Xüsusilə də, gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olanda onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda ağrılar meydana gəlməyə başlayır. Uzun müddət eyni vəziyyətdə əyilib dayanmaq boyun fəqərələrində əyriliyin, yırtığın əmələ gəlməsinə səbəb olur.
ABŞ-də mütəxəssislər tərəfindən aparılan araşdırmalar əhalinin 58%-indəki fəqərə problemlərinə telefon, planşet və noutbukların səbəb olduğunu göstərir. Buna görə də, telefonla uzun müddət məşğul olduqda, onu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin. Oturanda belə cib telefonlarınızı maksimum dərəcədə uzaq məsafədə tutmaq, telefonun batareyasını doldurmaq üçün isə adam olmayan otağa qoymaq məsləhətdir. Bu, həm sizin, həm ailənizin sağlamlığı üçündür. Eyni zamanda bununla təbiətə verəcəyimiz zərər də xeyli azalar.
Cib telefonundan zəif səslə musiqi dinləmək sizi kar etməz. Amma davamlı olaraq yüksək səslə musiqiyə qulaq asmaq qulağın içindən beyinə səs dalğalarını çatdıran hüceyrələrin zərər görməsinə səbəb ola bilər. Bu hüceyrələrin zərər görməsi isə uzun müddətdən sonra eşitmə qabiliyyətini itirməyə gətirib çıxara bilər.
Ağıllı telefonla çox yazı yazmaq, ya da davamlı oyun oynamaq bilək və barmaq toxumalarını yorduğu üçün ağrılara səbəb ola bilər. Gözü davamlı olaraq telefona dikmək onu yorur və həssaslaşdırır. Uzun müddət bu halda qalmaq gözün qurumasına səbəb olur. Əgər telefona bu qədər baxmağa məcbursunuzsa, onda özünüzə arada istirahət verin və başqa bir şeyə baxın. Mobil telefonu gözünüzə çox yaxınlaşdırmayın.
Ağıllı telefonun vurduğu ziyanlardan biri də yuxusuzluq problemidir. Biz çoxlarımız istirahət edəndə belə, telefondan ayrıla bilmədiyimizə görə yata bilmirik. Bu da təkcə yuxusuzluğa səbəb olmur, həm də telefondan ayrılan işıq melatonin hormonunda problemlər yaradır.
Erkən yaşda mobil telefon və ya radiasiya yayan cihazlara məruz qalan uşaqların zəka inkişafının da daha az olduğu iddia edilir. 12 yaşından etibarən inkişafın başlamasını və 21 yaşına qədər davam etməsini araşdıran mütəxəssislər bu yaş aralığında mobil telefondan istifadə etməməyi məsləhət görürlər.
Cib telefonu istifadəsində etdiyiniz səhvlər qarşıdakı illərdə tək sizin yox, yaxın ətrafınızın da genetikasının pozulmasına gətirib çıxara bilər. Artan radiasiya, şüa gələcək nəsillər və yeni doğulacaq uşaqlarda bəzi xəstəliklər yarada bilər. Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onları virtual həyatdan uzaqlaşdırmaq lazımdır. Həqiqətən də, bu gün dünyagörüşü hələ formalaşmamış uşaqlar üçün mobil telefonlar, xüsusilə də, orada yayılan ölümə təhrik edən oyunlar əsl təhlükə mənbəyidir. Hazırda dünyanın demək olar ki, bütün ölkələrində bu problem son dərəcə aktualdır və onların aradan qaldırılması üçün nə qədər cəhdlər göstərilsə də, istənilən nəticəni əldə etmək mümkün olmur. Bu oyunlar uşaqların əsəblərini pozur, onları ünsiyyətdən təcrid edir, intihara qədər sürükləyir. Məsələn, “Mavi balina” adlanan dəhşətli bir oyun dünyada uşaqlara bir müharibənin vura biləcəyi qədər ziyan vurdu, neçəsinin əsəblərini pozdu, neçəsinin ölümünə səbəb oldu.
Bir çox zəif iradəli insanlar mobil telefonda, internetdə yayılan bu oyunlara o qədər aludə olurlar ki, gecəni səhərə qədər telefonu əllərindən yerə qoymurlar. Telefon aludəçiliyi, əslində, şəkər xəstəliyi kimi bir şeydir, bütün digər dərdlər onun üzərindən insana hücum edir.
Sosial şəbəkələrdə istədiyinə ağır söz, təhqir yazmaq geniş yayılıb. Bütün bu halların aradan qaldırılması isə hələ çox çətindir. Əgər bir insanın əxlaq sarıdan problemi varsa, sizin ona təsir imkanlarınız yoxdursa, bildiyini edəcək. Bu cür halların qarşısını hüquqi yollarla almaq lazımdır ki, hazırda dünyada bu istiqamətdə işlər görülür.
Yuxarıda telefon aludəçiliyinin, saatlarla əlində tutduğun ekrana göz zilləməyin doğura biləcəyi fəsadlardan ətraflı bəhs etdik. Bilirik ki, uşağın əlindən mobil telefonu almaq çətin məsələdir, əgər o uşaq artıq telefonla vaxt keçirməyə adət edibsə, bu məsələ daha da çətinləşir. Bir də ki, biz heç istəsək də, övladımızı sosial şəbəkələrdən, internetdən məhrum edə bilmərik. Onsuz da, məktəbdə, küçədə övladımız bunları görür, evdə məhrum etdiyiniz imkanları dostlarından alır. Ona görə də, bu mövzuda qadağalar qoymaq, sərt davranmaq faydalı nəticə doğurmur.
Sahib olduğunuz nüfuzdan faydalanaraq övladınızı düzgün istiqamətlandirmək, sanki bataqlıq ərazidən salamat keçməsini təmin etmək lazımdır.
Dediyimiz kimi, o oyunların bataqlıqdan fərqi çox deyil, övladınız düşdümü, xilası çox çətin olacaq. Ona görə də, bəri başdan tədbirli olmaq, onun ən çox nə ilə maraqlandığına nəzarət etmək (yeri gəldikcə, istiqamətləndirmək) lazımdır ki, sonradan peşmanlıq olmasın.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top