Uşağınızın dostlarını tanıyırsınızmı?..


Uşaq və yeniyetmələr üçün ailə nə deməkdirsə, dost da o deməkdir. Xüsusilə də, yeniyetmələr üçün dost çox vaxt ailədən daha mühümdür. Bu baxımdan uşağın dostu ilə keçirdiyi vaxtın və kimlərlə dostluq etməsinin əhəmiyyəti böyükdür.
Uşaq tərbiyəsinin bütün mərhələlərində olduğu kimi bu məsələdə də ölçülü davranmaq vacibdir. Bəzi valideynlər “Mən uşağıma inanıram”, - deyərək, “oyundan kənarda qalmağa” üstünlük verirlər. Halbuki, bu münasibətin uşağa olan inamla heç bir əlaqəsi yoxdur. Əlbəttə ki, uşağa etibar etmək lazımdır. Ancaq bu heç də uşağın düşdüyü mühitdən xəbərsiz olmaq demək deyil. Bundan başqa, uşağa qarşı həddindən artıq tələbkar olan valideynlər də az deyil. Onlar uşaqlarının sərbəst addım atmasına imkan vermir, dostluq etdiyi adamlara qədər müdaxilə etməyə çalışırlar. Təbii ki, bu, səhv münasibətdir. Belə uşaqlar həmişə təzyiq altında qalduqları üçün gələcəkdə inadkar olurlar. Buna görə də, əsas məsələ tarazlığı qorumağı bacarmaqdır. Yəni, hər şeydən əvvəl uşağınızın seçdiyi dostlara hörmətlə yanaşmalı, əgər bu məsələdə hər hansı bir şübhəniz və ya tərəddüdünüz varsa, müdaxilə etmək əvəzinə onun dostluq etdiyi uşağı və ya ailəsini tanımağa çalışmalısınız. Əgər tərəddüdləriniz bundan sonra da davam edərsə, onda uşağınıza öz tərəddüdlərinizi çatdıra bilərsiniz.
Təbii ki, bu halda da ilk cümləniz əmr cümləsi olmamalıdır. Fikirlərinizi ifadə etdikdən sonra uşağınızı dinləməli və ortaq nöqtələr tapmağa çalışmalısınız. Bu şəkildə həm uşağınızın dost seçməsinə müdaxilə etməmiş, həm də bu işdə ona kömək əlinizi uzatmış olarsınız.
Uşağınızın dostlarını və onların ailələrini tanımaq üçün isə birgə mərasimlər təşkil etmək olar. Bu, uşaqda özünə inamı artırmaqla yanaşı, ailə üzvləri arasındakı dialoqu da möhkəmləndirər.
Elə isə vaxt itirmədən işə başlayın. Qarşı tərəfi anlamağı və yersiz tənqidlərə yol verməməyi də unutmayın.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top