Yəhya Sinvarın öldürüldüyü ehtimal edilir – IDF


İsrail ordusu Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvarın Qəzza zolağında öldürülməsi ehtimalını araşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı 3 terrorçu öldürülüb. İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti bu terrorçulardan birinin Yəhya Sinvar olması ehtimalını araşdırır. Hazırda terrorçuların kimliyini təsdiqləmək mümkün deyil”, - məlumatda qeyd edilib.
Məlumata görə, terrorçuların məhv edildiyi binada girovların izi olmayıb.
Əvvəllər Sinvarın Qəzzanın yeraltı tunellərində gizləndiyi və İsrail girovları ilə əhatə olunduğu iddia edilirdi.
“Hazırda ərazidəki İsrail qoşunları lazımi ehtiyatla hərəkət etməkdə davam edir. Ətraflı məlumat daha sonra dərc olunacaq”, - mətbuat xidməti əlavə edib.
Qeyd edək ki, Yəhya Sinvar Qəzza zolağındandır və HƏMAS-ın yaraqlı qanadının qurucularından biridir. O, İsrail həbsxanalarında 22 ildən çox həbs yatıb və 2011-ci ildə 1027 fələstinli məhbusun 2006-cı ildə Fələstin radikalları tərəfindən girov götürülən İsrail əsgəri Gilad Şalitlə dəyişdirilməsinə dair razılaşma çərçivəsində azad edilib. 2017-ci ildə Sinvar Qəzza zolağında HƏMAS-ın lideri olub və bu il avqustun əvvəlində bütün təşkilatın Siyasi Bürosunun yeni rəhbəri seçilib. O, bu vəzifədə iyulun 31-də Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edib.

DİGƏR XƏBƏRLƏR

Top