Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada çıxış edərək ilk dəfə olaraq “qələbə planını” ictimaiyyətə təqdim edib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna liderinin çıxışını “Strana.ua” yayıb.
Plan beş bənddən ibarətdir. Birinci bənd Rusiya ilə münaqişə bitənə qədər Kiyevin NATO-ya dəvət edilməsini nəzərdə tutur. İkinci bənd isə Rusiyaya hücumlara qoyulan məhdudiyyətlərin götürülməsi və onun ərazisində əməliyyatların davam etdirilməsi ilə bağlıdır. Buraya, həmçinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri və raketlərindən istifadə imkanlarının genişləndirilməsi, Ukraynaya tərəfdaşların kəşfiyyat məlumatlarına daxil olmasına icazə verilməsi, həmçinin Rusiya aviasiyasını məğlub etmək üçün tərəfdaşlarla birgə tələblər daxildir.
Daha sonra Qərbin Ukraynaya nüvə komponenti olmayan bir növ çəkindirici paket” yerləşdirməsi ilə bağlı bənd gəlir. Dördüncü bənddə isə Kiyev anti-Rusiya sanksiyalarının gücləndirilməsini və onun strateji və iqtisadi potensialının inkişaf etdirilməsini tələb edir.
Nəhayət, “qələbə planı”nın beşinci bəndində Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Avropada NATO müdafiəsinin gücləndirilməsində iştirak edəcəyi və hətta Aİ-dəki Amerika kontingentini əvəz edə biləcəyi nəzərdə tutulur.
Zelenski çıxışı zamanı əlavə edib ki, elan etdiyi proqramın ikinci, üçüncü və dördüncü bəndlərində ictimaiyyətə açıqlanmayan, lakin nəzərdən keçirilməsi üçün Ukrayna tərəfdaşlarına təqdim edilən gizli müddəalar var.