Yalançı, kinli, inadkar!..


Uşaqlar daha çox eşidib gördüklərini öyrənirlər. Buna görə də, təbii olaraq böyükləri təqlid edirlər. Təqlid isə uşağın inkişafında mühüm amillərdən biridir. Bunu psixoloqlar da təsdiq edirlər. Uşaqlarına yaxşı tərbiyə vermək istəyən valideynlər hər şeydən əvvəl bunu özləri yaşamalı və göstərməlidirlər.

Əgər uşağınızı yalançı böyütmək istəyirsinizsə...
Qayda 1 - Doğru olub olmadığını öyrənmədən uşaqlarınızın bütün dediklərinə inanın.
Məsələn, işdən evə qayıdırsınız və uşaqlarınızın evdə olmadığınız vaxt ərəzində nə iş gördüyünü bilmək istəyirsiniz. Uşaqlarınızın sizin suallarınıza verdikləri cavablara nöqtə-vergülünə qədər inanırsınız. Belə olduqda, ilk vaxtlar həqiqəti söyləyən uşaqlar sonralar sizdən bəzi şeyləri gizlətməyə başlayırlar. Təbii ki, siz də bunun fərqinə varmırsınız. Tədricən bu yalanlar çoxalır və illər keçdikdən sonra siz uşağınızın birdən-birə necə yalançı olduğunu düşünməyə başlayırsınız.

Qayda 2 - Düz danışanda da onları cəzalandırın.
Tutaq ki, uşağınız güldanı sındırır və siz uşağınızdan güldanın necə sındığını soruşursunuz. O da hər şeyi olduğu kimi danışır. Və siz uşağınızı cəzalandırırsınız. Gələn dəfə artıq o, cəza almamaq üçün yalan danışır.

Qayda 3 - Uşağınızı yalan danışmağa məcbur edin.
Məsələn, kimsə sizə zəng edir, ancaq siz onunla danışmaq istəmirsiniz. Uşağınıza sizin evdə olmadığınızı söyləməyi tapşırırsınız. Və ya qapıya bir dilənçi gəlir. Siz yenə də uşağınıza, “De ki, evdə heç kim yoxdur”, - deyirsiniz.
Daha bir misal... Uşağınız üzrsüz səbəbə görə dərsdən yayınır. Səhəri gün isə təbii olaraq məktəbə getməyə qorxur. Siz isə onu cəsarətləndirirsiniz və “Müəlliminə de ki, xəstə idim, ona görə atam dərsə gəlməyə qoymadı”, - deyirsiniz.
Yaxud da uşağınıza anasından gizli pul verirsiniz və ona “Anan görsə de ki, əmim verdi”, - deyirsiniz.
Beləliklə, uşağınız yalan danışmağa alışır və təbii ki, siz uşağınızın bu yalanlarından narahat olmağa başlayırsınız. Ancaq artıq gecdir. Ən pisi isə odur ki, bəzən belə yalanlar uşağı oğurluğa da sövq edir və artıq öyüd-nəsihət də bir fayda vermir.

Əgər uşağınızı kinli böyütmək istəyirsinizsə...
Qayda 1 - Onlara qarşı sərt və laqeyd davranın.
Məsələn, uşaqlarınız arasında ayrı-seçkilik edin. Biri ilə bir, o biri ilə başqa cür davranın.

Qayda 2 - Uşaqlarınızın sevinclərini, kədərlərini bölüşməyin, onları həmişə tək qoyun. Uşağınıza ayırmaq üçün vaxtınız olmaya bilər. Ancaq unutmayın ki, bu, vaxt keçdikcə uşağınızın sizdən soyumasına gətirib çıxara bilər.

Əgər uşağınızı inadkar böyütmək istəyirsinizsə...
Qayda 1 - Dediklərinin hamısını edin. Heç vaxt uşağınızın bir sözünü iki etməyin.
Bəzən uzun illər uşağı olmayan ailələrdə belə hallara rast gəlmək olur. Uşağın bütün dediklərini yerinə yetirmək tədricən onların çərçivədən çıxmasına gətirib çıxarır. Bəzi valideynlər bu yolla uşaqlarını xoşbəxt etdiklərini düşünsələr də, belə uşaqlar çox vaxt bədbin olurlar. Hətta onlar üçün başqaları ilə dostluq etmək də çətinləşir.
Bəzi valideynlər isə uşaqları üçün əllərindən gələn hər şeyi etdiklərini düşünür və yalnız onlara nəsihət verməklə kifayətlənirlər. Bəziləri isə uşaqlarını tez-tez tək qoyur, ya da dayələrin ümidinə buraxırlar. Sonra isə uşaqlarının yalançı kinli və inadkar olmasından şikayət edir, günahı başqasında axtarmağa çalışırlar. Halbuki günahkar çox da uzaqda deyil…

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top