Artıq əcnəbilər də Ukrayna ordusunda zabit ola biləcəklər


Ali Rada Ukrayna Silahlı Qüvvələrində zabit vəzifələrinə əcnəbilərin qəbul edilməsinə icazə verən qanun layihəsini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat dərc edib.
“Rada əcnəbilərin orduda müqaviləli hərbi xidmət keçməsi qaydası ilə bağlı qanun layihəsini qəbul edib”, - deyə o, bildirib.
“Əsas ideya əcnəbilərin təkcə əsgər və çavuş kimi deyil, həm də zabit kimi hərbi xidmətə cəlb olunmasına icazə verməkdir”, - deputat əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Yeqor Çernev etiraf etmişdi ki, Ukrayna Silahlı Qüvvələrində zabit çatışmazlığı var və onun təqaüddə olan Qərb hərbçilərinin köməyi ilə doldurulması planlaşdırılır.
Digər tərəfdən, bundan əvvəl Ukrayna Nazirlər Kabineti “Hərbi çağırış və hərbi xidmət haqqında” qanuna Ukrayna Silahlı Qüvvələrində, Dövlət Xüsusi Nəqliyyat Xidmətində və Milli Qvardiyada zabit vəzifələrinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə doldurulması imkanlarını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Kəşfiyyat haqqında” qanuna da analoji dəyişikliklərin edilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xüsusi müddətin sonuna qədər Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə qəbul edilməsinə icazə verilməsi təklif olunub.
Hazırda “Kəşfiyyat haqqında” qanun birbaşa əcnəbilərin qəbul edilməsini qadağan edir.

DİGƏR XƏBƏRLƏR

Top