ABŞ-nin 13 ştatının və Kolumbiya dairəsinin baş prokurorları “TikTok” sosial şəbəkəsini uşaqların psixi sağlamlığına zərər vurmaqda ittiham edərək məhkəməyə veriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Nyu-York əyalətinin baş prokuroru Letisiya Ceyms gənclərin “TikTok” kimi sosial media platformalarından asılılıqla əlaqədar psixi sağlamlıq problemləri yaşadıqlarını bildirib.
“TikTok” onların platformasının gənclər üçün təhlükəsiz olduğunu iddia edir, lakin bu bəyanat həqiqətdən uzaqdır”, - Ceyms bildirib.
Vaşinqton, İllinoys, Kaliforniya, Kentukki, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Oreqon, Şimali Karolina, Cənubi Karolina və Kolumbiya dairəsinin baş prokurorları onun mövqeyi ilə razılaşıblar.
“TikTok” nümayəndəsi NBC ilə söhbətində sosial şəbəkənin belə bəyanatlarla razılaşmadığını və onları aldadıcı hesab etdiyini bildirib. O, həmçinin şirkətin yeniyetmələrin müdafiəsi istiqamətində kifayət qədər iş gördüyünü qeyd edib.
Qeyd edək ki, bu ilin avqust ayında ABŞ Ədliyyə Nazirliyi də 13 yaşından kiçik uşaqlardan məlumat topladığı üçün “TikTok”u məhkəməyə vermişdi. Nazirlik sosial şəbəkənin qanunu pozaraq, 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verdiyini və hətta “uşaq rejimində” belə platformanın onların şəxsi məlumatlarını topladığını bildirmişdi.