Nazirlik tender keçirmədən 9 ədəd xalça alır – Biri 22 min manatdan


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC fiziki şəxs Əliyev Namiq Nadir oğlu (VÖEN – 1703815952) ilə satınalma müqaviləsi imzalayıb.  
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
“Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Milli Xalça Muzeyinin “Xovlu-xovsuz xalça” kolleksiyasının zənginləşdirilməsi məqsədilə Namiq Əliyevdən bir ədəd xovsuz, səkkiz ədəd xovlu xalça satın alacaq və qarşılığında 195 min manat ödəyəcək. Məlumatlardan da  göründyü kimi 1 ədəd xalça 21,6 min manata satın alınacaq.
Qeyd edək ki, satınalmanın hansı səbəbdən müsabiqə keçirilmədən bir mənbədən satınalma metodu əsasında həyata keçirildiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, xovlu və xovsuz xalçaların satın alınmasının yuxarıda göstərilən hallardan hansına aid edildiyi aydın deyil.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top