İsrail Livanda quru əməliyyatı keçirir – Nə məlumdur?


İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasına görə, hədəf “Hizbullah” şiə təşkilatının silahlı birləşmələrinin obyektləridir.
Ərəb televiziya kanalları İsrailin hava hücumları ilə sərhəd yaxınlığındak əraziləri atəşə tutduğunu bildirib. Bundan əlavə, İsrail Suriyaya da hava hücumu həyata keçirib.

Nə məlumdur?
İsrail ordusunun artilleriyası və tankları bazar ertəsi axşam saatlarında Livanın sərhəd rayonlarını intensiv atəşə tutub.
“Reuters” agentliyinin məlumatına görə, Livan ordusunun bölmələri, qoşunlarının mümkün itkiləri ilə bağlı xəbərlər fonunda İsraillə sərhəddən 5 kilometr içəriyə çəkilib.
İsrail qırıcıları Livanın paytaxtına səkkiz reyd keçirib. Beyrutun cənub kənarındakı El Mreyc bölgəsində səkkiz binadan ibarət yaşayış kompleksi dağıdılıb . Ruveys məhəlləsində və Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Bürc əl-Barajna qaçqın düşərgəsində güclü partlayış səsləri eşidilib.
Beyrut sakinləri İsrail komandanlığı tərəfindən aviazərbələr barədə əvvəlcədən xəbərdar edilib və bombardman başlamamış təhlükə zonasını tərk edə biliblər.
İsrail qırıcısı Livanın cənubundakı Səidə şəhərinin kənarında yerləşən Ayn əl-Hilve adlı fələstinli qaçqınların böyük düşərgəsini vurub. Beş yerli sakin həlak olub. Fələstinin Fəth hərəkatının yüksək rütbəli komandiri Munir əl-Maqdah yaralanıb.

İsrailin Suriyaya hava hücumu
İsrail Hərbi Hava Qüvvələri Dəməşqin qərb bölgələrinə hücum edib, təyyarələr şəhərə dörd dəfə raket zərbələri endirib. Üç mülki şəxs həlak olub, daha 9 nəfər yaralanıb. İnfrastruktura ciddi ziyan dəyib.
Suriyanın hava hücumundan müdafiə sistemləri, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin raket və pilotsuz təyyarələrinin əksəriyyətini vurub.
“Al Hadath” telekanalı iddia edir ki, hücumda məqsəd tanınmış siyasətçi və ya hərbçini öldürmək olub.
İsrailə məxsus pilotsuz uçan aparat Dimas şəhərinə hava hücumu həyata keçirib. Suriya prezidentinin qardaşı briqada generalı Mahir Əsədin komandanlıq etdiyi elit 4-cü zirehli diviziyanın hədəflərindən biri vurulub. İsrail daha əvvəl Mahir Əsədi İran silahlarının Suriyadan Livana şiə milisləri Hizbullah üçün ötürülməsinə yardım etməkdə günahlandırmışdı.

Beynəlxalq reaksiya
ABŞ-nin müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə Livandakı vəziyyəti və yəhudi dövlətinin hərbçiləri tərəfindən həyata keçirilən əməliyyatları müzakirə edib. Onlar Livan “Hizbullah”ının keçən il oktyabrın 7-də Qəzzadan həyata keçirilən hücuma bənzər İsrailin şimalındakı yaşayış məntəqələrinə hücum etmək imkanından məhrum etmək üçün sərhəd boyunca hücum infrastrukturunun məhv edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Fransa vətəndaşlarının təxliyyə edilməsi üçün Livan sahillərinə hərbi gəmi göndərəcək. Livanda 23 minə yaxın Fransa vətəndaşı yaşayır.
Suriya və digər ölkələrlə sərhəddə olan İraq qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top